Evinizdəki kamera sizi qoruyur, yoxsa kimsə sizi həmin kamera vasitəsilə izləyir?
Bu sual bir qədər narahatedici səslənə bilər. Amma son dövrlərdə baş verən kiberhücumlar göstərir ki, belə risklər artıq nəzəri ehtimal deyil.
Bir müddət əvvəl Operation CameraSwarm adlı kiberəməliyyat barədə məlumat yayıldı. Araşdırmaya görə, cəmi 35 gün ərzində 14 mindən çox IP kameraya qanunsuz giriş əldə edilmişdir.
Bu xəbər mənə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin ötən il həyata keçirdiyi əməliyyatı xatırlatdı. Həmin əməliyyat zamanı ölkəmizdə mənzillərdə və ofislərdə quraşdırılmış müşahidə kameralarına internet üzərindən icazəsiz müdaxilə edildiyi müəyyən olunmuşdu.
Daha narahatedici məqam isə o idi ki, şəxsi və ailə həyatına aid videogörüntülər xarici internet resurslarına yerləşdirilmiş, bəzi kameraları canlı izləməyə imkan verən hesablar hətta satışa çıxarılmışdı.
DTX aidiyyəti qurumlarla birlikdə müdaxiləyə məruz qalmış cihazları müəyyən etmiş, təhlükəsizlik boşluğunun aradan qaldırılması və görüntülərin silinməsi istiqamətində tədbirlər həyata keçirmişdi.
İndi təsəvvür edin: təhlükəsizliyiniz üçün evinizə quraşdırdığınız kamera özü şəxsi həyatınız üçün təhlükəyə çevrilir.
Amma kameralar artıq yalnız evlərimizdə və ofislərimizdə deyil. Onlar avtomobillərimizin də bir hissəsidir. Müasir avtomobillərdə salonu, yolu və ətraf mühiti izləyən kameralar, mikrofonlar, müxtəlif sensorlar və internetə qoşulan idarəetmə sistemləri var.
Bu yaxınlarda avtomobillərdə istifadə edilən Android əsaslı multimedia sistemləri ilə bağlı başqa bir kiberhücum da aşkarlandı. Hakerlər cihazların qanuni yeniləmə tətbiqindən istifadə etməklə onlara zərərli proqram yükləmiş, nəticədə avtomobillərdəki multimedia sistemləri sahiblərinin xəbəri olmadan botnet şəbəkəsinə qoşulmuş və kənar şəxslərin internet əməliyyatlarında istifadə edilmişdir.
Həmin hücumlarda avtomobilin hərəkətini idarə edən sistemlərə və ya kameralara müdaxilə ilə bağlı məlumat olmasa da, hadisə göstərir ki, avtomobilin daxilindəki adi multimedia qurğusu belə kiberhücum üçün giriş nöqtəsinə çevrilə bilər.
Üstəlik, məsələ təkcə avtomobillərlə məhdudlaşmır.
Bəs evin içərisində sərbəst hərəkət edən, kameraları vasitəsilə ətrafı görən ağıllı robotlar nə qədər təhlükəsizdir?
2026-cı ildə DJI Romo robot tozsoranları ilə bağlı aşkarlanan təhlükəsizlik problemi nəticəsində bir tədqiqatçı təxminən 7 min başqa robota aid məlumatlara çıxış əldə edə bilmişdi. Bu məlumatlara evlərin xəritələri, cihazların yerləşdiyi məkanlar və hətta canlı kamera görüntüləri də daxil idi.
Fikir verin, söhbət sadəcə bir kameradan getmir. Evin otaqlarını gəzən, məkanın planını çıxaran və bəzi modellərdə görüntü və səs toplayan cihazdan gedir.
İndi isə bunun bir addım sonrasını düşünək: humanoid robotlar.
Artıq insanabənzər robotlar sadə hərəkətlərdən daha mürəkkəb fiziki tapşırıqlara keçir. Onlara əşyaları götürmək, qapıları açmaq, ətraf mühitə uyğunlaşmaq və insanlarla qarşılıqlı əlaqə qurmaq öyrədilir.
Bəs robotlar bunları necə öyrənir?
Bir çox şirkətin humanoid robotları bu öyrənməni ilkin mərhələdə kənardan qoşulan operatorların köməyi ilə həyata keçirir. Operatorlar robotları uzaqdan idarə etməklə evlərə uyğunlaşdırırlar. Yəni evinizdəki humanoid robotun gözlərinə, yəni kameralarına kənardan nəzarət olunmaqla onun hərəkətləri idarə edilir.
Əlbəttə, bu, böyük texnoloji nailiyyətdir. Amma yeni təhlükəsizlik sualları da yaradır.
Robotun gördüyü məlumatlar harada saxlanılır? Onlara kim çıxış əldə edə bilər? Proqram təminatını kim yeniləyir? Robotun idarəetmə sistemi komprometasiya olunarsa, onun fiziki hərəkətlərinə müdaxilə mümkündürmü?
Bu narahatlıqlar artıq dövlətlərin də diqqətindədir. Məsələn, ABŞ 2026-cı ildə xaricdə istehsal olunan qabaqcıl robot qurğularına milli təhlükəsizlik əsaslı yeni məhdudiyyətlər tətbiq edib. Burada əsas narahatlıqlar arasında uzaqdan idarəetmə imkanları, məlumat təhlükəsizliyi və xarici texnoloji asılılıqlar da var.
Əslində, robotexnika mənim üçün çox doğma sahədir. Hələ 24 il öncə ölkədə ilk robotun müəllifi kimi uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq yarışının respublika birinciliyində öz robotumla iştirak etmişdim. Maraqlısı odur ki, həmin vaxt robotexnika kateqoriyası mövcud olmadığından yarışa radiotexnika kateqoriyasında qatılaraq 3-cü yerə layiq görülmüşdüm.
O vaxtlar bu texnologiyaların bu qədər inkişaf edib gündəlik həyatımızın bir hissəsinə çevriləcəyini düşünmək fantastik görünürdü. Bu gün isə robotlar tədricən evlərimizə, iş yerlərimizə və sənayeyə daxil olur.
Mən robotexnikanın inkişafını böyük imkan kimi görürəm. Amma texnologiyalar inkişaf etdikcə onların yaratdığı riskləri idarə etmək üçün yanaşmalarımız da dəyişməlidir.
Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə hüquqi və texniki tənzimləmə mexanizmlərinin formalaşdırılmasına indidən ehtiyac var.
Söhbət təkcə yeni təhlükə mənbəyi kimi gündəmə gələn humanoid robotlardan getmir. Müşahidə kameraları, ağıllı ev cihazları və digər internetə qoşulan avadanlıqlar da topladıqları məlumatların xarakterinə, qoşulduqları şəbəkələrə və istifadə məqsədlərinə görə fərqli təhlükəsizlik riskləri yaradır.
Bu baxımdan, xüsusilə müşahidə kameralarının və robot sistemlərinin risk səviyyəsinə, funksional imkanlarına və tətbiq sahələrinə görə təsnifləşdirilməsi, müəyyən kateqoriyalar üzrə lisenziyalaşdırılması və təhlükəsizlik tələblərinin müəyyən edilməsi məqsədəuyğun olardı.
Xüsusilə kritik informasiya infrastrukturlarında hansı istehsalçıların, hansı növ kamera, robot və digər ağıllı avadanlıqların istifadəsinə yol verilə biləcəyi barədə səlahiyyətli qurumların əvvəlcədən təhlükəsizlik qiymətləndirməsi aparması və rəy verməsi mexanizmi formalaşdırılmalıdır.
Bu mexanizm cihazların mənşəyini, proqram təminatını, uzaqdan idarəetmə imkanlarını, məlumatların harada saxlanıldığını, yenilənmə mexanizmlərini və təchizatçıdan asılılıq risklərini nəzərə almalıdır.
Məqsəd texnologiyaların tətbiqini məhdudlaşdırmaq deyil, onların təhlükəsiz istifadəsi üçün aydın qaydalar yaratmaqdır.
Çünki gələcəkdə kritik infrastrukturlarımızın təhlükəsizliyi həmin sistemlərə hansı cihazları qoşduğumuzdan və onlara nə qədər səlahiyyət verdiyimizdən də asılı olacaq.
Mənbələr və keçidlər
