INSIGHT ADVISORY

Strateji təhlil

Süni intellektin kibertəhlükəsizlikdə yaratdığı paradoksda insanların rolu nə olacaq?

Son aylarda baş verən bir neçə hadisəyə birlikdə baxanda kifayət qədər maraqlı mənzərə yaranır. Məsələn, Oracle bir təhlükəsizlik yeniləməsində 1400-dən çox zəifliyi aradan qaldırdı. Bu zəifliklərin böyük hissəsinin aşkarlanmasında AI texnologiyalarının rol oynadığı bildirilir. Digər tərəfdən, Theori-nin AI vasitəsilə hazırlanmış 28 tətbiq üzərində apardığı araşdırmada 434 istismar oluna bilən zəiflik aşkarlandı. Yəni süni intellekt proqram təminatındakı təhlükəsizlik boşluqlarını aşkarlamaqla yanaşı, proqramlaşdırma zamanı yeni boşluqların yaranmasına da səbəb olur.

Bəs bu proses kibertəhlükəsizlik mütəxəssislərinin fəaliyyətinə necə təsir göstərir?

GitHub ictimai Bug Bounty proqramında kritik zəifliklərə görə mükafatı 10 min dollara endirdi. Intel isə təhlükəsizlik boşluqlarını aşkarlayanlara pul mükafatı verilməsini dayandırdı. Bu qərarlar süni intellektin təhlükəsizlik araşdırmalarını sürətləndirməsi ilə əlaqələndirilir. Artıq süni intellektlə aşkar edilən boşluqların sayı o qədər artır ki, şirkətlər aşkar edilən boşluqlara görə ya ödənişi minimuma endirir, ya da ümumiyyətlə ödəniş etməkdən imtina edir.

Burada maraqlı digər məqam isə budur ki, əvvəllər ağ şapkalı hakerlər belə boşluqları taparaq pul qazanmaqda maraqlı idilər. Nəticədə bu yanaşma özlüyündə tapılan boşluqların aradan qaldırılması ilə ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə ictimai töhvəni stimullaşdırırdı. Hazırda ödənişlərin azalması və ya ləğvi təhlükəsizlik boşluqlarının tapılmasına marağı azaltmaqla yanaşı, bu boşluqların aradan qaldırılmadan uzun müddət qalmasına səbəb olur və nəticədə ümumi təhlükəsizliyi təhdid altına qoyur.

Amma süni intellektin sahəyə təsiri yalnız zəifliklərin aşkarlanması ilə məhdudlaşmır. OpenAI-nin ChatGPT agentlərində aşkarlanan AgentForger zəifliyi hücumçuya təşkilat daxilində gizli fəaliyyət göstərən və uzaqdan idarə olunan AI agenti yaratmağa imkan verirdi. Düzdür, bu yaxınlarda OpenAI bu boşluğu aradan qaldırdığını bəyan edib. Digər maraqlı və daha ciddi hadisə isə OpenAI-nin Astra modeli ilə bağlıdır. Modelin yüksək səviyyəli avtonom kibertəhlükəsizlik imkanları nümayiş etdirməsi nəticəsində şirkət gücləndirilmiş təhlükəsizlik tələblərinə uyğun olmayan bəzi daxili fəaliyyətləri dayandırdı.

Bütün bunların kibertəhlükəsizlik üçün nəticəsi nədir?

Süni intellekt zəifliklərin aşkarlanmasını sürətləndirir, eyni zamanda hücumçuların texniki imkanlarını artırır. Nəticədə zəifliyin aşkarlanması ilə istismarı arasındakı vaxt daralır və təhlükəsizlik komandalarının müdaxilə imkanları daha da kritik əhəmiyyət qazanır. Üstəlik, CrowdStrike-ın hesabatına əsasən, hücumların təxminən 79%-i zərərli proqramlardan istifadə edilmədən həyata keçirilir. Bu reallıq müasir SOC-lardan müxtəlif mənbələrdən məlumatları əlaqələndirməyi, şəbəkə və istifadəçi davranışlarını təhlil etməyi, şübhəli fəaliyyətləri daha erkən aşkar etməyi tələb edir.

Məncə, süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyacı aradan qaldırmır. Əksinə, onların işinin xarakterini dəyişir.

Artıq əsas üstünlük daha çox zəiflik tapmaqda deyil, həmin zəifliklərin real riskini düzgün qiymətləndirməkdə, təhlükəni vaxtında aşkar etməkdə və daha sürətli qərar verməkdə olacaq.